Məhsulun Ekoloji İzi metodologiyasının Azərbaycan müəssisələrində mümkün tətbiqi

Bu sənəd Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb. Burada ifadə olunan fikirlər heç bir şəkildə Avropa İttifaqının, onun üzvlərinin və ya Şərq Tərəfdaşlığı Ölkələrinin rəsmi rəyini əks etdirə bilməz. Bu hesabat və burada ehtiva olunan hər hansı məzmun heç bir ərazinin status və ya suverenliyinə, beynəlxalq sərhəd və hüdudların delimitasiyasına və hər hansı ərazi, şəhər və ya zonanın adına xələl gətirmir.

Müqəddimə

2013-cü ildə Avropa Komissiyası (AK) məhsul və təşkilatların ətraf mühitə təsirinin qiymətləndirilməsi və idarə edilməsi üzrə standartlaşdırılmış metodologiyanın tətbiqinə dair tövsiyə dərc etmişdir[1]. Bu tövsiyə “Yaşıl Məhsullar üçün Vahid Bazar təşəbbüsü”nün (SMGP) bir hissəsi və istehlakçılar üçün çaşqınlıq və/və ya məhsullarını ekoloji təmiz olaraq bazara çıxarmaq istəyən şirkətlər üçün xərclərə səbəb ola biləcək sonsuz “dayanıqlı və ya yaşıl etiketlər” siyahısına cavab idi[2]. Bu təşəbbüs Aİ bazarında fəaliyyət göstərən şirkətlər üçün “yaşıl” məhsulların və təcrübələrin daha yüksək səviyyədə mənimsənilməsinə fokuslanmaqla diqqəti Avropa İttifaqında satılan və/yaxud istehlak edilən məhsullara yönəltmək məqsədi daşıyırdı. Təbii olaraq, bu da Avropa İttifaqına ixrac edən istehsal şirkətlərində davamlı məhsullara əlavə maraq yaratdı.

Bu baxımdan, 2013-cü ildə Avropa Komissiyası (AK) tərəfindən nəşr olunan Məhsulun Ekoloji İzi (MEİ) metodu MEİ-nin (yəni əmtəə və ya xidmətin həyat dövrü boyunca ətraf mühitə təsirinin çox meyarlı ölçülməsi) hesablanmasına dair təlimatları təqdim edir[3].

2019-cu ildən etibarən Aİ tərəfindən maliyyələşdirilən EU4Environment (Aİ Ətraf Mühit Naminə) proqramı digər Şərq Tərəfdaşlığı (ŞT) ölkələri ilə birlikdə Azərbaycanın yaşıl transformasiyaya doğru irəliləməsini dəstəkləyir. O, ətraf mühitlə əlaqəli fəaliyyətə dəstək verilməsi, daha yaşıl inkişaf üçün imkanların nümayiş etdirilməsi və üzə çıxarılması, ekoloji riskləri və təsirləri daha yaxşı idarə etmək üçün mexanizmlərin qurulması ilə ŞT ölkələrinə təbii kapitalını qoruyub saxlamağa və insanların ekoloji rifahını artırmağa kömək edir. Bu məqsədlə, o, daha yaşıl qərarların qəbulu, dairəvi iqtisadiyyat, smart ekoloji qaydalar, ekosistemin qorunması və bilik mübadiləsini vahid strateji çərçivədə özündə birləşdirir.

2021-ci ildə ŞT ölkələrinin Ekologiya Nazirlikləri Avropa Yaşıl Sövdələşməsini (EGD) öz milli siyasət layihələri üçün etalon kimi tanıdılar[4]. O vaxtdan bəri, EU4Environment Avropa Yaşıl Sövdləşməsinin müddəalarını öz fəaliyyətinə daxil etmişdir. Azərbaycanın bu proqramda fəal iştirakı da ona ciddi nəticələr əldə etməyə imkan verdi.

Məhsulun Ekoloji İzi (MEİ) nədir?

Məhsulun Ekoloji İzi (MEİ) öz həyat dövrü boyunca məhsulun ətraf mühitə təsirini ölçmək üçün metoddur. MEİ AK tərəfindən SMGP təşəbbüsünün bir hissəsi kimi təklif edilsə də, MEİ hələ də ayrıca bir qanunvericilik aktı deyil, metoddur. MEİ məhsulun həyat dövrünün qiymətləndirilməsinə əsaslanır.

Həyat dövrünün qiymətləndirilməsi (HDQ) nədir?

Həyat Dövrü Qiymətləndirilməsi (HDQ) məhsulun ətraf mühitə təsirini hesablamaq üçün bir metoddur. HDQ-lər geyim sənayesində geniş istifadə olunur, çünki onlar məhsulu təşkil edən materiallar və bu materialların məhsulun bütün həyat dövrü mərhələrində – xammalın hasilatından tutmuş istehsal, paylanma, istifadə və sonda tullantıların idarə edilməsinə qədər – ətraf mühitə necə təsir etdiyi barədə aydın təsəvvür yaradır.[5]

MEİ və HDQ

Həyat dövrü düşüncəsi məhsulun bütün həyat dövrü ərzində ətraf mühitə, iqtisadi və sosial təsirlərə dair düşüncə tərzidir. Həyat Dövrü Qiymətləndirilməsi (HDQ)[6] məhsulun/prosesin /proseslər sisteminin bütün həyat dövrü mərhələlərində ətraf mühitə, resurs və insan sağlamlığına təsirinin davamlı, qlobal/regional, hərtərəfli və kəmiyyət təhlilidir. Həyat dövrü mərhələlərinə xammal əldə etmə mərhələsi, emal mərhələsi, istehsal mərhələsi, məhsulun həyat dövrü mərhələsi və tullantıların idarə edilməsi/məhsulun yararlılıq müddətinin sona çatması daxil olmaqla, istehsal mərhələlərində istehlak olunan bütün xammal, resurs və enerji daxildir. Eyni zamanda, nəqliyyat hər mərhələyə daxildir. Həyat Dövrü nümunəsini aşağıdakı infoqrafikada görmək olar. Hər bir istehsalçı və ya təchizatçı məhsulların idarə edilməsi yolu ilə dayanıqlılığın təmin olunmasına görə məsuliyyət daşıyır.

Həyat Dövrü Qiymətləndirilməsi (HDQ) qərar qəbuletmə prosesinin ətraf mühitə bütün potensial təsirlərinin hərtərəfli təhlilinə yönəlmiş bu konsepsiyanın praktik həyata keçirilməsini nəzərdə tutur. HDQ MEİ (Məhsulun Ekoloji İzi) və TEİ (Təşkilatın Ekoloji İzi) metodlarının elmi və metodoloji əsasını təşkil edir.

MEİ HDQ-ya bənzəyir və ümumi HDQ hesablanması MEİ hesablanmaları üçün istifadə oluna bilər. HDQ-lər kimi, MEİ də məhsulun bütün həyat dövrü mərhələlərində ətraf mühitə bütün təsirlərini kəmiyyətcə qiymətləndirən elmi əsaslı, aydın metoddur. Buraya məhsulun suya, havaya və torpağa emissiyaları, resursların istifadəsi və tükənməsi, torpaq və sudan istifadənin təsiri və s. daxildir.

Bununla belə:

  • MEİ təfərrüatlı təhlil metodu olduğundan öz qaydalarına görə “adi” HDQ-dən daha ciddidir.
  • MEİ metodu və onun verilənlər bazası eyni məhsul qrupları daxilində məhsulların müqayisəsi üçün əlverişli olan ardıcıllığı təmin edir.

Bundan əlavə, MEİ və Təşkilatın Ekoloji İzi (TEİ) metodları inventar məlumatlarının (təkrar emal edilmiş materialların paylanma qaydaları və məlumatların keyfiyyət tələbləri daxil olmaqla) toplanması və modelləşdirilməsi üzrə təlimatları təmin edir.

Bir sözlə, MEİ HDQ-yə əsaslanır və hər ikisi məhsulun həyat dövrü boyunca təsirini hesablamaq üçün nəzərdə tutulmuş metoddur. Bununla belə, MEİ universal HDQ üsulundan daha aydın şəkildə ifadə olunmuşdur və Avropada HDQ üçün “qızıl standart” ola bilər.

Məsələn, MEİ məhsulun həyat dövrləri üçün aydın sistem hüdudları müəyyən etdiyi halda, HDQ hüdudları şərhə açıqdır. MEİ, həmçinin HDQ tərəfindən tələb olunmayan məhsulun yararlılıq müddətinin sona çatması üzrə ciddi qiymətləndirmə təlimatları təqdim edir. MEİ məhsullar arasında müqayisəliliyi təmin etmək üçün standartlaşdırılıb, HDQ-nin əhatə dairəsi isə qiymətləndirməni kimin aparmasından asılı olaraq fərqlənə bilər. Bu, mühüm fərqdir, çünki müqayisəlilik yalnız nəticələr eyni qaydalara (Məhsulun Ekoloji İzi üzrə Kateqoriya Qaydalarının (MEİKQ) mövcud olmasının səbəbi) əsaslandığı halda mümkündür. MEİKQ MEİ-nin fərdi məhsul qrupları üçün “Kateqoriya Qaydaları”dır və müxtəlif növ məhsullar üçün MEİ-nin necə aparılmasına dair ətraflı təlimat təklif edir. Bu kateqoriya qaydaları MEİ-ni sənayelər üzrə ardıcıl və müqayisə edilə bilən ətraf mühitə təsir hesabatları hazırlamaq üçün ideal hala gətirir, habelə hər bir məhsulun təsirinin eyni standartlara uyğun hesablanmasını və istehlakçıların eyni kateqoriyaya aid malları dəqiqliklə müqayisə edə bilməsini təmin edir.

Azərbaycanda həyat dövrü yanaşmaları

Azərbaycanda MEİ və HDQ ilə bağlı akademik ədəbiyyatda HDQ-nin ölkədə tətbiqinə dair yalnız bir neçə nümunə aşkar edilmişdir. Bir nümunə Bakıda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin[7] tikintisində istifadə edilən iki alternativ fasad panelinin ətraf mühitə təsirinin müqayisəsidir. Əvvəlki uğur hekayələrinin və texniki təcrübələrinin olmaması HDQ-yə əsaslanan müxtəlif yanaşmaların tətbiqinə başlamaqda hələ də problemlər yaratsa da, ölkənin çoxtərəfli əlaqələri və öhdəlikləri bu yanaşmadan istifadə etmək üçün unikal imkanlar yaradır. Belə bir imkan Məhsulun Ekoloji İzi metodunun tətbiq edilməyə başlamasıdır.

Azərbaycanda HDQ-nin tətbiq edilməsi üzrə çətinliklər və imkanlar

Çoxmillətli müəssisələr HDQ-ni əməliyyat səmərəliliyini artırmaq və daha davamlı məhsullar istehsal etməklə və eko-etiketləmə sxemlərinin köməyilə səylərini birləşdirməklə rəqabət üstünlüyü əldə etmək vasitəsi olaraq müxtəlif məhsullara dəfələrlə tətbiq etmişlər. Maliyyə resurslarının mövcudluğu və inventar məlumatlarının etibarlı qeydləri təbii olaraq bu səyləri asanlaşdırmışdır. Məsələn, 1969-cu ildə “Midwest Research Institute” (Midvest Tədqiqat İnstitutu) tərəfindən Coca-Cola Company içki qabları üçün həyata keçirilən HDQ ilk HDQ tədqiqatlarından biri hesab olunur. Bu gün bir çox iri sənaye şirkətlərinin öz HDQ mütəxəssisləri var və bu metodu məhsulun inkişafı və Ar-Ge (tədqiqat və inkişaf) fəaliyyətlərinə inteqrasiya edə bilərlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən transmilli korporasiyalar HDQ tədqiqatlarının ölkədə inkişafı və tətbiqi üçün əsas namizədlər və potensial tərəfdaşlardır. Bu, dövlətlərdən şirkətləri (xüsusən də böyük və transmilli şirkətləri) dayanıqlı inkişaf məlumatlarının onların hesabat dövrünə inteqrasiyasını tələb edən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) (Dayanıqlı İnkişaf hesabatı – Müəssisələr) 12.6-cı[8] hədəfinə uyğun olardı. Bununla yanaşı, Azərbaycan da bu səyləri daha da dəstəkləmək üçün dayanıqlı inkişaf üzrə Milli Hesabat siyasətini qəbul etməlidir.

İstehlakçıların xüsusilə ekoloji cəhətdən münasib (məqbul) hesab edilən məhsulu almağa maraq göstərməsi və buna görə də daha yüksək qiymət ödəməyə hazır olması faktı araşdırılmayıb. İstehsalçı və istehlakçıların “eko-etiket” almağın üstünlükləri haqqında məlumatlılığının zəif olması MEİ kimi Həyat Dövrü yanaşmalarını bazara təqdim etmək imkanı yaradır. Bu metodun faydaları aşağıdakı son fəsildə təsvir ediləcəkdir.

Bərpa olunan enerji şirkətləri də Azərbaycanda fəaliyyətlərini genişləndirərək HDQ-nin tətbiqi üçün əlavə imkanlar yaradırlar. Məsələn, Səudiyyə Ərəbistanının ACWA Power şirkəti bu yaxınlarda Azərbaycanın Energetika Nazirliyi ilə 240 MVt gücündə külək enerjisi layihəsinin işlənib hazırlanması və istismarı üçün icra sazişi imzalayıb. Onun diffuziya texnologiyası sənayedə aparıcı məhsuldarlığa nail olmaqla yanaşı, həm də əsas biliklərin, innovasiyaların və başlıca təcrübə və prosedurların ötürülməsini təmin edəcək[9]. Bundan əlavə, bu şirkətlərin dəyər zənciri Azərbaycanda birbaşa əməliyyatları əhatə etdiyinə görə, şirkətlərin ətraf mühitə qlobal təsirini qiymətləndirmək səylərinin bir hissəsi olaraq gələcək MEİ və karbon/su izi tədqiqatları üçün imkan yaradırlar. Bununla belə, bu proseslər şirkətlərin təchizatçıları, tərəfdaşları, müştəriləri, rəqibləri və digər müvafiq maraqlı tərəflərlə bağlı onların daxili siyasət və dinamikasına uyğunlaşdırılmalıdır. Beləliklə, onların qərarları və hərəkətləri təhsil və təlim sistemləri, elm və texnologiya, sənaye dinamikası, qaydalar və inkişaf hədəflərini özündə birləşdirən makromühit tərəfindən formalaşır.

Azərbaycanda həyat dövrü yanaşmalarının təşviqi

MEİ və HDQ yerli potensialın inkişafı kimi həyat dövrü düşüncəsini təşviq etməklə qəbul edilə bilən müvafiq metodlardır. Bu da, öz növbəsində, yerli və beynəlxalq mütəxəssislər arasında əməkdaşlıq mühiti yarada bilər və həyat dövrü yanaşmalarını iqlim dəyişikliyinin azaldılması, Bərpa Olunan Enerji və dayanıqlı inkişafın digər əsas sahələri üzrə Milli layihələrə inteqrasiya edə bilər.

Son zamanlar bu metodların yeni potensial hərəkətverici qüvvələri və tətbiq sahələri (o cümlədən milli ekoloji və davamlı inkişaf öhdəlikləri) meydana çıxıb. Onlar istehsal proseslərinin inkişafını stimullaşdırmaq üçün vahid həyat dövrünə əsaslanan yanaşmalar və sərhədlərarası tərəfdaşlıq layihələri tələb edir. Resurs səmərəliliyi və həyat dövrü yanaşmalarından geniş istifadə yalnız yerli potensialın inkişafı və bu fənlərin ali təhsil müəssisələrinin tədris planlarına daxil edilməsi ilə mümkün ola bilər (potensial olaraq çoxtərəfli inkişaf layihələrində tərəfdaş kimi çıxış edə və sənaye və dövlət qurumlarını texniki ekspertiza ilə təmin edə bilər). Bundan əlavə, milli əməkdaşlıq şəbəkəsinin yaradılması müvafiq maraqlı tərəfləri bir araya gətirə, eləcə də müzakirə və əlaqələrin qurulması üçün mühit yarada bilər.

Azərbaycanda MEİ-nin tətbiqində boşluqlar

MEİ könüllü metodologiyadır

MEİ metodu hələ də tamamlanmayıb və keçid (pilot mərhələ) mərhələsindədir. Bu mərhələ 2024-cü ilin sonuna qədər tamamlanacağı üçün MEİ-nin tətbiqi hazırda könüllüdür.

Avropa Komissiyası MEİ metodunun işlənib hazırlanmasını yekunlaşdırmaq üçün hələ də MEİ Məhsul Kateqoriyasının Qaydalarının (həmçinin MEİMK və ya MKQ) təfərrüatlarını daha da inkişaf etdirir. Bu kateqoriya qaydaları sənayelərə xas olan sahənin ölçülməsi qaydalarını müəyyən edəcək.

Azərbaycanda institusional quruluş və qanunvericilik

İlk növbədə, etiketləmə institusional sistemə inteqrasiya edilməlidir.

Azərbaycanın ekoloji etiketləmə qanunvericiliyindəki əsas problemlərə aşağıdakılar daxildir:

– Ekoloji cəhətdən uyğun (məqbul) məhsul anlayışının müəyyən edilməməsi;

– Ekoloji cəhətdən uyğun məhsulları adi (şərti) məhsullardan (ekoloji kənd təsərrüfatı sahəsi istisna olmaqla) fərqləndirmək üçün müəyyən meyarların olmaması;

– İdxal olunan məhsulların üzərindəki eko-nişanlar və ya etiketlər barədə istehlakçıların məlumatlandırılması qaydalarının olmaması;

– Ölkədə sertifikatlaşdırılmamış və ya qeyri-müəyyən şəkildə sertifikatlaşdırılmış məhsulların yaranmasının qiymətləndirilməsi və balanslaşdırılması üçün tənzimləmə mexanizminin olmaması;

Ölkədə milli sertifikatlaşdırma və akkreditasiya orqanlarının olmaması belə sertifikatlaşdırma və akkreditasiyanın xaricdə aparılmasını zəruri edir. Bu, beynəlxalq akkreditasiya və sertifikatlaşdırma ilə bağlı yüksək xərclərə gətirib çıxarır, çünki yerli istehsalçılar məhsullarının ekoloji cəhətdən təmiz olduğunu göstərmək üçün beynəlxalq sertifikatlaşdırmaya daha çox vəsait xərcləyirlər.

Ekoloji sertifikatlaşdırmanın və ya ekoloji etiketləmənin yaradılması üçün tövsiyələr

Standartlaşdırma sahəsində:

– Ümumi İSO standartlarına əsaslanan milli standartların qəbulu

– ISO 14000 standartlarının qəbulu

– İSO standartları əsasında milli ekologiya, qida təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin mühafizəsi sahəsində standartların yaradılması və qəbulu

Akkreditasiya sahəsində:

– Məhsul və xidmətlərin İSO 14000 standartlarına uyğunluğunun müəyyən edilməsi üçün akkreditasiya laboratoriyaları və təşkilatlarının yaradılması

– Azərbaycanın akkreditasiya sistemi yaradılana qədər digər ölkələrin akkreditasiya orqanları (TÜRKAK daxil olmaqla)

– Ekoloji təmiz kənd təsərrüfatı sahəsində təşkilat və laboratoriyaların yaradılması

Sertifikatlaşdırma sahəsində:

– etiketləmə institusional sistemə inteqrasiya edilməlidir.

– İnsan sağlamlığı və ətraf mühitin mühafizəsi üzrə məcburi və könüllü sertifikatlaşdırmanın tətbiqi.

Milli müəssisələr üçün MEİ tələblərinin nəticələri

 Hazırda Şərq Tərəfdaşlığı (ŞT) regionunda MEİ metodologiyası Aİ tərəfindən maliyyələşdirilən EU4Environment Təşəbbüsü vasitəsilə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) rəhbərlik etdiyi fəaliyyət kimi təbliğ olunur. Burada, planlaşdırılan işlərə MEİ-in tətbiqi üçün mövcud təcrübələrin və maneələrin xəritələşdirilməsi; MEİ vasitəsilə YMVB Təşəbbüsünün imkanları və faydaları haqqında məlumatlılığın və anlayışın artırılması; və seçilmiş sənayelər üzrə pilot MEİ-nin icra edilməsi və təşviq edilməsi daxildir.

Bu fəaliyyət yerli maraqlı tərəfləri MEİ-nin tətbiqinin potensial faydaları və təsiri haqqında daha çox məlumatlandıracaq; ŞT regionunda yerli potensial yaradacaq; milli sənayelərin MEİ ilə əlaqəli potensial siyasətlərə daha yaxşı hazır olmasına kömək edəcək; və yerli ekspertlər üçün öyrənmə imkanları təmin edəcəkdir.

Bundan əlavə, Aİ və UNIDO “yaşıl” səylərin və siyasətlərin daha geniş şəkildə dəstəklənməsinə töhfə verən məlumatlandırma və bacarıqların artırılması fəaliyyətlərinə diqqət yetirəcəkdir. Bu təşəbbüsdən əldə edilən məlumatlar digər Şərq Tərəfdaşlığı ölkələrində MEİ-yə uyğun tədqiqatların aparılmasına imkan yaratmaq üçün tövsiyələr hazırlamaq məqsədilə də istifadə olunur. Hazırda istehsal müəssisələri EU4Environment Təşəbbüsü çərçivəsində Gürcüstan və Ukraynada pilot MEİ metodologiyasının icra edilməsində iştirak etməyə dəvət olunurlar.

MEİ müəssisələrə öz istehsal prosesini fəal və strateji cəhətdən təkmilləşdirməyə (məsələn, dizayna yenidən baxmaq, resurs dövrələrini bağlamaq və ya yan məhsulları yeni məqsədlər üçün istifadə etmək) imkan verir. Bu, onlara istehsalın səmərəliliyini artırmaqda kömək edir və ilk növbədə tullantıların yaranmasının qarşısını almaq üçün istehsal modellərini dəyişdirir. Məlumat dəstləri və hesablama üsulları təklif etməklə yanaşı, MEİ məhsul qruplarına ümumi qaydalar da verir və bu da şirkətlərə məhsul üzrə irəliləyişlərini öz sektor və ya kateqoriyalarında etalon meyarlarla müqayisə etməyə imkan yaradır. Müəssisələr də öz növbəsində rəqiblərə qarşı ətraf mühitlə əlaqəli göstəricilərini daha yaxşı başa düşürlər. Etalon meyarlarla müqayisə həm də reputasiya qurmaq və istehlakçıların gündəlik həyatında yüksək qiymətləndirilən dayanıqlı və ətraf mühitə dost mal və xidmətlər yaratmaq baxımdan güclü stimuldur.

Beləliklə, xüsusilə Aİ-nin Vahid Bazarı kimi dinamik və rəqabətli bir bazarda ekologiya sahəsində qənaətbəxş göstəricilərə malik icraçı olmaq özlüyündə istənilən şirkət üçün yaxşı biznes perspektivləri və sağlam strategiyalar təmin edə biləcək əlavə dəyərdir.[10]

İstehlakçılara gəldikdə, məlumatlı alış qərarlarının verilməsi Avropada və bütün dünyada adi bir təcrübəyə çevrilmişdir. İstehlakçılar yalnız oxşar məhsul və ya xidmətlərin göstəricilərini müqayisə etməklə yeni brendlərə etibar etməyi və xərcləmə vərdişlərini şaxələndirməyi öyrənə bilərlər.

Hesablama metodu və verilənlər bazası ilə yanaşı, MEİ xüsusi məhsul qrupları üçün ümumi qaydalara da əsaslanır. MEİ Məhsul Kateqoriya Qaydaları müxtəlif sənaye sahələri ilə bağlı xüsusi qaydaları ehtiva edir. Tədqiqatların hamısı eyni PZR əsasında aparıldığı təqdirdə, bu qaydalar daha müqayisə edilə bilən və yoxlanıla bilən MEİ tədqiqatlarına imkan verir. PZR nümunələri artıq Qida və Tekstil üçün hazırlanmışdır.

EU4Environment haqqında

“Avropa İttifaqı Ətraf Mühit Naminə” (EU4Environment – Yaşıl İqtisadiyyat) Təşəbbüsü ətraf mühitlə əlaqəli fəaliyyətə dəstək verilməsi, daha yaşıl inkişaf üçün imkanların nümayiş etdirilməsi və üzə çıxarılması, ekoloji riskləri və təsirləri daha yaxşı idarə etmək üçün mexanizmlərin qurulması ilə ŞT ölkələrinə təbii kapitalını qoruyub saxlamağa və insanların ekoloji rifahını artırmağa kömək edir.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və beş tərəfdaş təşkilat tərəfindən həyata keçirilir: İƏİT, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Sənayenin İnkişafı Təşkilatı Dünya Bankı. Layihənin büdcəsi təxminən 20 milyon avrodur.

Ətraflı məlumat üçün www.eu4environment.org saytına daxil olun

Azərbaycanda Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) barədə ətraflı məlumat əldə etmək üçün www.recp.aceconsultants.az/en saytına daxil olun

[1] AK (2013) Avropa Komissiyası. Komissiyanın məhsul və təşkilatların həyat dövrü boyunca ekoloji göstəricilərini ölçmək və idarə etmək üçün ümumi metodlardan istifadəyə dair tövsiyəsi (2013/179/EU). Aİ Rəsmi Jurnalı

[2] Avropa Komissiyası (AK) (2016) Yaşıl Məhsullar üçün Vahid Bazar (SMGP) təşəbbüsü [İnternet]. [17 iyul 2017-ci il tarixində istinad edilmişdir]. Buradan məlumat əldə etmək olar: http://ec.europa.eu/environment/eussd/smgp/

[3] AK (2013) Avropa Komissiyası. Komissiyanın məhsul və təşkilatların həyat dövrü boyunca ekoloji göstəricilərini ölçmək və idarə etmək üçün ümumi metodlardan istifadəyə dair tövsiyəsi (2013/179/EU). Aİ Rəsmi Jurnalı

[4]Avropa Komissiyası (AK) (2021) Avropa Yaşıl Sövdələşməsi [İnternet]. Buradan məlumat əldə etmək olar: https://commission.europa.eu/strategy-and-policy/priorities-2019-2024/european-green-deal_en

[5]https://blog.greenstory.io/life-cycle-assessment-in-the-fashion-industry

[6]https://eplca.jrc.ec.europa.eu/lifecycleassessment.html

[7] Goldin, A., Jongeward, A., Scammell, L., Wise, C., Autumn 2009. Heydər Əliyev mədəniyyət mərkəzi üçün memarlıq fasadları: Həyat Dövrü Qiymətləndirilməsi. CEE 226 – Müddət Layihəsi.. http://www.kreysler.com/wp-content/uploads/2013/08/ CEE-226-Baku-Facade.pdf.

[8] GRI, 2016. Qlobal Hesabat Təşəbbüsü, Dayanıqlı İnkişaf Məqsədləri, DİM 12.6. Onlayn olaraq mövcuddur: https://www.globalreporting.org/information/SDGs/Pages/SDGtarget-12.6-.aspx (Əldə edildiyi tarix: 25 may 2020)

[9] OECD, 1997. National Innovation Systems. OECD Nəşriyyatı, Paris Onlayn mövcuddur: https://www.oecd.org/science/inno/2101733.pdf. Əldə edildiyi tarix: 04 July 2020.

[10] https://www.eu4environment.org/app/uploads/2022/05/Leaflet-advancing-product-environmental-footprint.pdf

Published on 14/03/2023

Xəbərlər bülleteni

Aylıq xəbərlər bülletenimizə abunə olmaqla ən son xəbərlərimiz, hesabatlarımız və təhlillərimiz barədə məlumatlı olun.

Abunə olun